Abşeron”un voleybolçusu: İrəlidə bizi daha çətin oyunlar gözləyir Bakı, 17 yanvar, AZƏRTAC

 Bakı, 17 yanvar, AZƏRTAC


"İrəlidə bizi daha çətin oyunlar gözləyir".


Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət "Abşeron" klubunun oyunçusu Ülkər Kərimova Yüksək Liqanın IX turunda səfərdə "Gəncə"yə 3:2 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən deyib.


Təcrübəli voleybolçu qışdan sonra komandada dəyişikliyin olmasının oyunlarına təsir etdiyini bildirib: “Ötən tur debütant “Milli Aviasiya Akademiyası”na məğlub olduq. Dünən isə ilk səfər qarşılaşmasında “Gəncə”yə qalib gəldik. Komandama güvənirəm. Qarşıdakı matçlarda daha güclü mübarizə aparacağıq. Kollektivdə əhval-ruhiyyə yaxşıdır”.


Ü. Kərimova növbəti turda son çempion “Azərreyl” komandasına qarşı keçirəcəkləri oyunla bağlı da danışıb: “Azərreyl” qızıl medallar uğrunda mübarizə aparan komandadır. İndi fiziki və mənəvi olaraq bu oyuna köklənməliyik”.


Qeyd edək ki, turnir cədvəlinə 22 xalla “Azərreyl” başçılıq edir. “Murov Az Terminal” 20 xalla 2-ci, eyni xala malik “Abşeron” 3-cü, 13 xalla “Gəncə” 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.




Baxılıb: 79 Tarix: 17-01-2024, 13:06